AQC sertifikasiya imtahanlarının nəticələrini ictimaiyyətə təqdim etdi
Bu gün “Excelsior Hotel”də Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) tərəfindən təşkil olunan “Daşınmaz əmlakın növləri üzrə” sertifikatlaşdırma kursunun təqdimat mərasimi baş tutub. Tədbir torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib. Mərasimdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) fəaliyyətindən bəhs edən video-çarx nümayiş olunub.
Tədbirin moderatoru, tanınmış jurnalist Azər Niftiyev bildirib ki, 1999-cu ildən fəaliyyət göstərən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) bu ilin mayında keçirilən yekun konfransından sonra qurumun fəaliyyətində ciddi canlanma müşahidə olunur. O qeyd edib ki, AQC rəhbərliyində baş verən dəyişilikliklərdən və iqtisadçı ekspert Vüqar Orucun bu quruma sədr seçilməsindən sonra cəmiyyət keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc qeyd edib ki, rəhbəri olduğu cəmiyyət Azərbaycanda qiymətləndiricilərin sertifikasiyasını aparan yeganə qurumdur. Bu günə qədər yüzlərlə qiymətləndiricinin AQC tərəfindən “Daşınmaz əmlakın növləri üzrə”, eləcə də “Daşınar əmlakın növləri üzrə” sertifikasiyadan keçdiyini söyləyən V.Oruc sertifikasiya imtahanlarının iki hissədən ibarət olduğunu vurğulayıb. Birinci mərhələdə peşəkar mütəxəssislər tərəfindən qiymətləndirmə metodologiyasının tədris olunduğunu, ikinci mərhələdə isə praktiki məşğələlərin keçirildiyini və yekunda sertifikasiya imtahanının təşkil edildiyini diqqətə çatdırıb.
Əlavə edib ki, bu dəfə imtahanlarda yüksək nəticə göstərməyən, lakin qismən fərqlənən iştirakçılara əlavə olaraq apellyasiya imtahanında iştirak etmək hüququ tanınıb. Ümumilikdə 28 kurs iştirakçısı arasından 16 qiymətləndiricinin sertifikat aldığını söyləyən AQC sədri bank-maliyyə, dövlət və özəl sektorda, habelə qiymətləndirmə şirkətlərində çalışan mütəxəssislər tərəfindən kurslara ciddi tələbat olduğunu söyləyib. Qalibləri təbrik edən V.Oruc cəmiyyətin tarixində ilk dəfə olaraq qaliblərə sertifikatların millət vəkilləri, QHT sədrləri, media kapitanları, nüfuzlu ictimai xadimlər tərəfindən təqdim olunacağını bəyan edib.
Çıxış edən Milli Məclisin deputatları Bəhruz Məhərrəmov, Rüfət Quliyev və Etibar Əliyev, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev, Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov, Fed.az portalının rəhbəri Əli Əhmədov, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sabiq sədri, sahibkar İradə Şükürova Cəmiyyətin gördüyü işlərdən bəhs edərək, qurumun fəaliyyət istiqamətləri ilə bağlı təkliflərini diqqətə çatdırıblar. Qonaqlar qeyd ediblər ki, qiymətləndirmənin bir sahə olaraq aktuallığı artır və ölkə qiymətləndiricilərin bir platformada birləşməsi, kordinasiyalı fəaliyyət göstərməsi labüddür. Xüsusilə son aylarda cəmiyyətin aktiv fəaliyyətini qeyd edən qonaqlar AQC-nin ictimai hesabatlar təqdim etməsini təqdirəlayiq hal kimi qiymətləndiriblər. Qalibləri təbrik edən qonaqlar qiymətləndirmə sahəsinin vacib sahələrdən və ölkə iqtisadiyyatının sütun istiqamətlərdən biri olduğunu diqqətə çatdırıblar.
Daha sonra deputatlar, ictimai xadimlər və ölkədə fəaliyyət göstərən aparıcı qiymətləndirmə şirkətlərinin rəhbərləri tərəfindən qaliblərə sertifikatlar təqdim olunub. Qeyd edək ki, təlimlər “Demirchi Tower”də AQC sədri Vüqar Oruc, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosentləri İbrahim Quliyev və Qəhrəman Bayramov tərəfindən tədris olunub. Kurs “Qiymətləndirmə haqqında” Azərbaycan Respublikasının qanunu, beynəlxalq qiymətləndirmə normativləri rəhbər tutularaq təşkil edilib.
Yekunda bildirək ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) ölkəmizdə qiymətləndiricilərin yeganə peşəkar birliyidir və 54 qiymətləndirmə şirkətini öz sıralarında birləşdirir. 1999-cu ildə təsis edilən cəmiyyət Azərbaycan qiymətləndiriciləri ilə beynəlxalq qiymətləndirmə təsisatları arasında əməkdaşlığı təmin edən, ölkədə qiymətləndiricilərin sertifikasiyanı aparan və Beynəlxalq Qiymətləndirmə Standartları Şurasında (IVSC) təmsilçilik hüququ qazanan yeganə qurumdur. Bu ilin may ayından Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə (AQC) ölkəmizin aparıcı qiymətləndirmə şirkətlərindən olan – “Vecon Consulting” qiymətləndirmə şirkətinin təsisçisi və direktoru, iqtisadçı ekspert Vüqar Oruc rəhbərlik edir.
Setifikasiyadan keçən iştirakçılar:
Bağırov Fərid Xalid oğlu – “Trust Expert” MMC
Şamıyev Kamal Musa oğlu – “Roveks Konmark” MMC
Mirzəyev Rauf Koroğlu oğlu – “NNO” MMC
Sanılı Ülkər Aydın qızı – “VECON CONSULTING” MMC
Hüseynov Şükür Rzağa oğlu – “Müstəqil Ekspertiza Mərkəzi” MMC
Əzizov Cabir Əjdər oğlu – “UNİPRİCE” MMC
İbrahim Nahid Zeyni oğlu – “Business Service Centre” MMC
Niftili Tahir Əfruz oğlu – “VECON CENTRE” MMC
Nəcəfquluyev Elgün Nəsir oğlu – “MY EXPERT” MMC
Bayramov Nicat İnqilab oğlu – “Smart Business Group” MMC
Quliyev Murad Əhəd oğlu – “Smart Business Group” MMC
Tağıyev Süleyman Osman oğlu – “HÜQUQÇU” MMC
Mustafayev Ziya Mustafa oğlu – “VECON” MMC
Ələmdarlı Sabit Arif oğlu – “Azər Biznes Konsaltinq” MMC
Səfərov Namiq Məhəmməd oğlu – “Access Bank”
İsmayılov İlqar Mehman oğlu – “Access Bank”